Masallı ikinci folklor festivalına
hazırlaşır
Məlum olduğu kimi, ötən il Masallı şəhəri Azərbaycanın Folklor Paytaxtı elan edilmişdi. Qədim mədəniyyətə, xalq yaradıcılığına, çoxsaylı abidələrə malik olan Masallıda qiymətli maddi- mədəni incilər və xalq sənəti örnəkləri layiqincə qorunub saxlanır. Folklor paytaxtında keçirilən tədbirlərin çox fərəhli nəticələri burada folklor festivalını ənənəvi olaraq hər li keçirmək ideyasını ortaya çıxarmışdır.
Masallının yurdsevər ziyalıları indi xəyalən həmin günlərə qayıtmaqdan, bayram tədbirlərini dönə-dönə xatırlamaqdan zövq alır, qürur duyurlar. Oxucuları da həmin “səyahət”ə qatmaq yerinə düşər.
Folklor ilində ağsaqqalların hikmət xəzinəsi, ağbirçəklərin bayatı boxçası açıldı. Folklorşünas alimlər rayonu kənd-kənd, oba-oba gəzib bu zəngin “qənimətləri” topladılar. Bu işlər “Azərbaycan folkloru mənəvi sərvətimizdir” mövzusunda keçirilən elmi-praktik konfransda qismən yekunlaşdı. Masallı folklor nümunələri kitablarda çap edildi. Filmlərdə, xüsusilə “Halay” haqqında çəkilən sənədli ekran əsərlərində bunlardan geniş istifadə olundu.
Masallıda respublika muğam festivalı təntənəli
keçdi. Mədəniyyət
evinin “Masallı” rəqs, incəsənət
məktəbinin “Sara” qrupları,
yaşlılardan və
gənclərdən ibarət
“Halay” ansamblları, Şərəfə kəndinin
“Həcər”, Xırmandalı,
Öncəqala, Sərçuvar,
Gəyəçöl və
Qodman kəndlərinin
xalq kollektivləri rəngarəng tədbirlərdə
uğurla çıxış
etdilər. Sonra yaz festivalı,
turizm mövsümünün
açılışı, xalq sənəti, el təranələri, xalq yaradıcılıq bayramları
təmtəraqla keçdi.
Bir sözlə, rayonun 118 bədii özfəaliyyət
kollektivi, onların
2800 üzvü tədbirlərdə
yaxından iştirak etdi.
Folklor ili çərçivəsində
ən böyük tədbir isə Beynəlxalq Folklor Festivalı oldu. Həmin gün – sentyabrın 7-si Masallı şəhəri
xüsusilə təmtəraqlı
görünürdü. Küçə və meydanlar
şəhər sakinləri,
kənd və qəsəbələrdən gələn
seyrçilərlə dolu
idi. Festivalın xarici qonaqları
hərarətlə qarşılandı.
Bayraq Meydanından
başlayan görüş
iştirakçıları arasıkəsilməyən dəstələrlə
Heydər Əliyev parkının önündən
keçdilər. Folklor kollektivləri təmsil
etdikləri ölkələrin
bayraqlarını dalğalandırırdılar.
“Halay” folklor kollektivi, “Masallı” rəqs qrupu, Naxçıvanın rəqs
ansamblı, Dağıstan,
Kabarda-Balkar, Türkiyə,
İran və Latviyanın folklor kollektivləri üç
gün rayon mərkəzində,
Boradigah qəsəbəsi
və Şərəfə
kəndində, turizm-istirahət
obyektlərində rəngarəng
proqramlarla çıxış
etdilər.
Rayon mərkəzində keçirilən çox uğurlu yekun konsertində zəngin folklorumuzun dünyaya tanıdılması dövlət
siyasətinin tərkib
hissəsi kimi dəyərləndirildi.
Dekabrın 15-ində Masallı yenidən izdihamlı idi. Rayona dövlət
rəsmiləri, çoxsaylı
KİV nümayəndələri gəlmişdilər. Rayon Gənclər Mərkəzində
keçirilən tədbirdə
folklor ilindən geniş danışıldı.
Yeni kollektivlərin və ifaçıların meydana
çıxdığı bildirildi.
Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri Fikrət Babayev, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil
Hüseynov Azərbaycanın
qədim və zəngin folklor irsinə malik olduğunu qeyd edərək vurğuladılar
ki, bu böyük
xəzinənin dünyaya
tanıdılmasında Prezident
İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri
var. Sonra folklor ilində fərqlənənlərə
diplom, fəxri fərman və mükafatlar təqdim edildi.
Folklor ansamblları, respublikanın
ünlü incəsənət
ustalarının, ayrı-ayrı
ifaçıların və
rəqs kollektivlərinin
çıxışları bir-birini əvəz etdi...
Həmin
unudulmaz anlardan artıq yarım il ötür.
Bir neçə gündən
sonra - iyunun 12-də Masallı yenidən bayram ovqatına bələnəcək. Dörd gün
ərzində burada növbəti beynəlxalq
folklor festivalı reallaşdırılacaq. Aylardır ki,
rayonda möhtəşəm
bayrama hazırlıq işləri gedir. Festivalda Azərbaycan, Gürcüstan, Iran, Latviya,
Qazaxıstan və Rusiyanı (Dağıstan
Respublikasını) təmsil
edən 14 folklor kollektivi öz bacarıq və istedadını nümayiş
etdirəcək. Ümumiyyətlə, folklor bayramına 300-dən
artıq qonaq dəvət olunub. Artıq təşkilati məsələlərlə
bağlı hazırlıq
mərhələsinə yekun
vurulub.
Bu ərəfədə rayon icra hakimiyyətinin təşəbbüsü və
sifarişi, AMEA Folklor
İnstitutu alimlərinin
müəllifliyi ilə
“Masallı folklor örnəkləri-I” adlı
sanballı bir kitab yazılaraq çap edilib. Kitabdakı
zəngin materialları
toplayıb tərtib edən filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat, nəşrin redaktoru isə Folklor İnstitutunun direktoru Muxtar İmanovdur. Kitab ərsəyə gələnə
qədər dağlara,
kəndlərə və
obalara elmi ekspedisiyalar təşkil olunub, yerli ziyalılar
da ağız ədəbiyyatının toplanmasında
fəallıq göstərib,
alimlərə yardımçı
olublar. Dörd yüz on səkkiz səhifəlik kitab “Tarixini folklorunda, sözünü tarixində
yaşadan diyar” adlanan əhatəli ön sözdən, “İnanclar”, “Dini rəvayətlər”, “Dini
nəsihətlər”, “Mənkabələr”,
“Əfsanələr”, “Məzəli
və qəribə əhvalatlar”, “Yaxın keçmişlə bağlı
əhvalatlar”, “Laylalar
və oxşamalar”, “Bayatılar”, “Ağılar”,
“Adət-ənənə”, “Toy adət-ənənələri”, “Halay” və “Xalq sənətləri” adlı bölmələrdən
ibarətdir. İbrətamiz rəvayət və
nəsihətlər, əsasən
məkan adları ilə bağlı əfsanələr, düşündürücü
lətifə xarakterli
əhvalatlar maraqla oxunur. Cənub bölgəsinə xas şifahi yaradıcılıq xüsusiyyətlərini
ehtiva edən həzin laylalar, “nərmənazik” bayatılar,
kövrək ağılar,
eləcə də əsrlərin o üzündən
süzülüb gələn
adət-ənənələr barədə toplanıb qələmə alınan
yazılar oxucunu öz aurasına çəkir. Ayrı-ayrı kəndlərin halayları,
xalq sənətləri
örnəkləri barədə
materiallar da qədirbilənliklə toplanıb
ipə-sapa düzülmüşdür.
Kitabdakı nümunələri oxuduqca
adam özünü
qeyri-adi, əlçatmaz
bir aləmdə hiss edir. Uşaqlıq çağları yada düşür... Yəqin ki,
çoxları “Ay lolo”
sözləri ilə başlanan nəğmələri
dinləyib. Amma heç
də hamı bilmir ki, “lolo”
yüyrük, beşik
deməkdir. Kitabı oxuyanlar
bunu da öyrəniblər.
“Halay” isə
toplu, yığıncaq,
dairə mənasını
verir.
Ay lolo, çəkin halay düzülsün,
Ay lolo, xumar gözlər
süzülsün.
Hər kim halay
deməsə,
Əli yardan üzülsün...
Elə buradaca qeyd edək ki, yarım əsrdən çoxdur, dünyanı bir Masallı halayı dolaşır. Söhbət rayonun Mahmudavar
kəndində yaranıb
Azərbaycanımızı uzaq-uzaq ellərdə tanıdan “Halay” folklor kollektivindən gedir. Beynəlxalq “Qızıl buta”
və “Qızıl balta” mükafatlarını
almış, haqqında
Moskva televiziyasının
film çəkərək dünyaya yayımladığı
ünlü bir kollektivdir “Halay”. Onun üzvləri zaman-zaman yaşlaşıb dəyişsələr
də, kollektivin ənənələri, dəst-xətti
dəyişməz qalıb.
“Halay”ın “Masallı
toyu” kompozisiyası hər zaman gözlər sevinci olub, könülləri duyğulandırıb. Gözəl, yaraşıqlı talış
qızları dünyanın
28 ölkəsində, o cümlədən
qardaş Türkiyənin
15 şəhərində uğurla
çıxış ediblər.
İnişil Macarıstanda keçirilmiş
beynəlxalq festivalda
“Halay” Azərbaycanı
layiqincə təmsil edib. Kollektivin “Yallı”, “Sarı gəlin”, “Naz eləmə”, “Bakı” kimi özəl rəqsləri sənətsevərləri
sözün əsl mənasında heyran qoyub. “Halay”ın
rəhbəri, əsas
qayğıkeşi, qızların
mənəvi anası
əməkdar mədəniyyət
işçisi Lətifə
Mövsümovadır. O olmasaydı, “Halay” bəlkə də çoxdan dağılıb
getmişdi. Ən çətin dönəmlərdə
“Halay”ı yaşadan,
qızları pərən-pərən
düşməyə qoymayan
məhz Lətifə xanım olub. Bəzən özü də əlvan libas geyinib, necə deyərlər, qol çırmalayıb rəqslərə
qatılıb ki, çıxışlarda heç
bir əskiklik olmasın. Rayon mədəniyyət və
turizm şöbəsinə
rəhbərlik edən
Lətifə xanım
əbəs yerə bölgə incəsənətinin
mahir bilicisi və fədakarı sayılmır.
Xatırladaq ki, ötən ilki festivalın yekun tədbiri də elə əsasən “Masallı toyu” kompozisiyası üzərində qurulmuşdu:
kollektivlər bir-bir
toy məclisinin düzənləndiyi
meydana daxil olaraq çıxışlarını
edib, məharətlərini
göstərirdilər.
Onu da deyək ki, Masallıda II Beynəlxalq
Folklor Festivalına hazırlıq işləri
təkcə bədii kollektivlərin sənətinin
təkmilləşməsi, onların gündəlik məşqləri ilə bitməyib. Hazırlıq, tədarük daha
geniş miqyası – şəhərin abadlıq
və təmizliyindən
tutmuş, qonaqların
yerləşdirilməsi, istirahəti
və ekskursiyalarına
kimi vacib tədbirləri əhatə
edir. Masallıda
bu istiqamətdə xeyli iş görülüb.
Yeni meydanlar, parklar salınıb, şəhərin
estetik görkəmi xeyli yaxşılaşdırılıb.
İcra hakimiyyətinin başçısı
Rafil Hüseynov və müavinləri, müvafiq idarə və təşkilatların
rəhbərləri də
əllərindən gələni
ediblər ki, festival yenə də yüksək səviyyədə
keçsin, Masallı
folklor ənənələrinin
zənginliyi, cənub
qonaqpərvərliyi bir
daha dünyaya yayılsın.
İnanırıq ki, elə də
olacaq.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 9 iyun.- S. 5.